Türkiyədə Güneyin səsi olmağa iddialı radio açıldı

00:06 - 24 Fevral 2023 - GÜNDƏM

 Türkiyədə Güneyin səsi olmağa iddialı radio açıldı

Türkiyədə fəaliyyətə başlayan Güney Azərbaycan radiosu “Barama radio”nun təsisçisi Azəryar Danışvərin BUTA.TV-a müsahibəsi:

- “Barama radio”nun təsisçisi olaraq özünüz haqqında məlumat verərdiniz…

- Mən, Azəryar Danışvər 1971-ci ildə Təbrizdə doğulmuşam. Milli, mədəni fəal, şair, yazar, yeri gələndə aparıcı, həmçinin, sənədli film müəllifiyəm. Qiraətçi kimi də tanınıram. Əlbəttə, vətənim üçün lazım olsa, yeni sahələrdə də fəalliyyət göstərməkdən çəkinmərəm, hər zaman öyrənməyə istəkli və həvəsliyəm.

- “Barama radio” nə zamandan fəaliyyət göstərir və hansı amalı qarşısına hədəf qoyub?

- “Barama radio” özümü tanıyandan arzusunda olduğum və qurmaq istədiyim bir iş idi. 1945-46-cı illərdə - Güney Azərbaycan Milli Hökumətinin dönəmində Təbrizin ilk milli radiosu qurulub. Təəssüf ki, türk düşməni olan Pəhləvi rejimi tərəfindən bir il keçməmiş fəaliyyətinə son qoyuldu. Həmin acı xatirəyə köklənib bu boş yerin doldurulmasını arzu etmişəm. Qismət oldu, 2022-ci ilin dekabr ayının 5-də Türkiyənin Əskişəhərində fəaliyyətə başladıq. Güney Azərbaycanın azadlıq harayı olaraq xalqımızın səsini dünyaya çatdırmaq istədik. Həmçinin, əldə edə bildiyimiz müxtəlif mövzuları Güney azərbaycanlılara çatdırmaq, milli ruhumuzun dirçəlişi üçün lazım olan hər cür mədəni, sənətsəl, ədəbi, milli və siyasi səsli materialları yayımlamaqdadır.

- Belə bir radionun Türkiyədə açılması hansı zərurətdən irəli gəlirdi?

- Mənim üçün məkanın fərqi yox idi. Əlimdən gələn fəaliyyəti gerşəkləşdirmək hər şeydən önəmlidir. Lakin durumumuzdan da asılı olaraq, 10 ildən çoxdur ki, qardaş ölkə Türkiyədə ailəmlə birgə yaşayıram. Türkiyə də bizə vətən sayılır. Mən də bu mənəvi imkanı belə dəyərləndirmişəm.

- Radio düşündüyünüz kimi güneylilərin səsi ola bildimi?

- Hələlik, radio fəaliyyətinə yeni başladığı üçün bununla bağlı bir söz deyə bilmərəm. Ancaq bütün ruhumla inanıram ki, Güney Azərbaycanın azadlıq səsi olmağa doğru durmadan addımlayacaq. Əslində, “Barama radio” ictimai şəbəkələr üzərindən yayımlanır. Əgər dəstək verən olarsa, radionun fəaliyyətini genişləndirmək üçün hər imkanı dəyərləndirməyə qərarlıyam.

- Hansı problem və mövzulara toxunursunuz?

- Bu gün Güney Azərbaycanın ürəyini hansı dərd ağrıdırsa, o da radiomuzun əsas mövzusudur. Yeri gələndə bacı-qardaşlarımızın ümidinin artması üçün əlimizdən gəldiyi qədər mövzuları tapıb, proqramlaşdırmağa çalışırıq. Mənim üçün Azərbaycanı səadətə götürə biləcək hər mövzu vacib və dəyərlidir.

- Hansı çətinlikləriniz var?

- “Barama radio” mənim şəxsi məhdud imkanlarımla yaranıb. Bir-iki könüllü əziz qardaşım da bu yolda bəzi imkanları əldə edə bilməyim üçün mənə dəstək verirlər. Ancaq məkan, yayın təchizatı, texniki dəstək kimi imkanlardan çətinlik çəkirəm.

- Perspektivdə hansı planlarınız var?

- Gələcək planlarımda müstəqil Azərbaycan olaraq Təbrizdə milli radiomuzu təsis etmək var. Ancaq o günə qədər Azərbaycanın ən təsirli, milli və favori radiolarından biri olmağı, türk dünyasının tanıdığı və sevdiyi bir radio kimi məşhurlaşmağı planlaşdırırıq.

- “Barama radio”nun adı haqqında da danışardınız…

- “Barama” nə deməkdir? Barama – tırtıl adıyla tanıdığımız bir canlının, arzu etdiyi böyük bir dəyişim üçün öz ətrafına hördüyü bir inziva mühitinin adıdır. O, böyük bir inkişaf və dönüş içindədir. Həyatının ən böyük mərhələsindən keçir. Tırtıl baramanın içində səssiz və ölü kimi hərəkətsizdir. Bütün mücadilə ancaq onun öz iç dünyasında baş verir. Ölüm-qalım savaşındaykən başqaları onun ipəkdən hördüyü baramaya göz tikiblər. İlk fürsətdə baramasını söküb ipək sapına sahib olmaq niyyətindədirlər. Amma kimsə o baramaya dəyməməlidir, yoxsa tırtıl öz böyük arzusuna yetişmədən ölə bilər. Tırtıl tələsə də bilməz! O, böyük oyanış və diriliş gününü səbirlə, öz içini yeyib gözləməlidir! Ona bu durumda toxtaqlıq verən tək şey gələcək günün xəyalıdır. Çünki o gün elə gözəldir ki, çəkilən hər ağrıya dəyər!

Qaranlıq gecələrdə ulduzlar parıldasa da, tırtıl o möhtəşəm görüntüləri görməkdən məhrumdur. Bir gün qaranlıq gecənin də sonu yaxınlaşır.

Nəhayət, aydın şəfəqli o səhər gəlib çatır. Baramada yavaş-yavaş bir titrəşimli hərəkətlər hiss olunur, bütün gözlər onun üzərindədir. Baramanın içindən sürüngən deyil, kimsənin tanımadığı bir qanadlı ortaya çıxır. Bu dəyişikliyə heyrət etməmək mümkün deyildir, bu, bir möcüzədir! Bəs hanı o xor görünən gücsüz sürüngən?! Artıq baxan gözlər, özgür və möhtəşəm gözəlliyə sahib olan qanadlı və uça bilən yeni varlığın üzünə dikilib durub. Özgürlüyün, qanadların, uçuşun mübarək olsun.

Barama - bu gün Güney Azərbaycan türk millətinin yaşadığı qapalı durumudur. Qanadlı kəpənək isə yaxın gələcəkdə varacağı Azadlıq, Milli iqtidar və Səadətidir. “Barama Radio” o millətin, səadətli gələcəyə inanan azadlıq səsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol