İranın onillərdir Azərbaycana yetişdirib-yerləşdirdiyi casuslarına qarşı aparılan əməliyyatlar olduqca mühümdür: bəziləri haqda ümumiyyətlə bilgisizlik vardı – bunları hüquq-mühafizə orqanları üzə çıxarır; bəziləri haqda isə 20 ildir bu cəmiyyətdə az qala bilməyən kimsə yoxdur.
Məsələn, “Salamnyus” və “İnteraz” kimi qurumların İrandan maliyyələşdiyini, İran təbliğatı apardığını hər kəs gözəl bilirdi, ancaq sözün həqiqi mənasında dünənə qədər onların fəaliyyətinə heç bir problem yaradılmırdı. Hətta bu qurumlarda işləyib, İranın sifarişlərini icra etmədiyi üçün istefa verən həmkarlarımız da olmuşdu, ictimai açıqlamalar vermişdilər.
Dövlət özü bilər nəyi, nə vaxt və necə edir – biz isə “ziyanın yarısından qayıtmaq” (və ya rusların “heç vaxt olmamasından, gec olması yaxşıdır”) məsəli ilə təsəlli tapırıq.
Böyük prosesdir – İranın Azərbaycan gəncliyini məhv edən düşünülmüş narkotik siyasəti kimi, ictimai sferaya yerləşdirdiyi casuslarından da təmizlənmə gedir. Alqışlayırıq. Ancaq ciddi şəkildə bildiyimiz deyil, artıq heç bir şübhə etmədiyimiz, “deşifrə olunmuş” şəxslərin məhz indiki dönəmdə yenidən aktivləşməsi, fəaliyyətini genişləndirməsi bizi narahat etməyə bilməz.
Azərbaycanın ədəbi cameəsinə soxuşdurulan, daha sonra isə ictimai status verdirilib, cəmiyyətə “güneyli əzabkeş mühacir” kimi sırınan birisi haqda hələ 3 il bundan öncə ardıcıl yazılarımız olmuşdu. Aradan bu qədər zaman keçir və məlum olur ki, bu şəxs nəinki durdurulur, hətta son vaxtlar Güneylə bağlı “ictimai-siyasi” təşəbbüslərdə də bulunur.
Söhbət Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinə oturdulan Sayman Aruzdan gedir!
Kimdir bu Sayman Aruz – güneylilərin və ədəbi mühitdə olanların hər birinin bildiklərini bir daha ümumiləşdirək:
1979-cu ildə Sulduzda anadan olub. Tərcümeyi-halında Təbriz Universitetinin kənd təsərrüfatı, daha sonra fars dili və ədəbiyyatı bölməsinə daxil olduğu bildirilir. Ancaq oranı bitirdiyi haqda heç bir məlumat yoxdur.
Diqqət edin: Sayman Aruz kimi özünü Azərbaycan cəmiyyətinə sırıyan bir şəxs məhz fars dili bölməsində təhsil almağa çalışıb. Bunun ardınca isə Azərbaycana gəlib.
Farsdilli mütəxəssis Azərbaycana gəlib, yoxsa göndərilib?
Bu suallara aydınlıq gətirək: hər yerdə guya İranda təzyiqlərə məruz qaldığını, hətta dırnağının çəkildiyini bildirib, əzabkeş dissident obrazı yaratmağa çalışan bu şəxs Azərbaycana gələndən sonra İran səfirliyinin İran Mədəniyyət Mərkəzində iki il çalışıb.
İndi özünüz düşünün – İrandan siyasi mühacir kimi Azərbaycana “pənah gətirdiyini” iddia edən bir şəxs Bakıda İran Mədəniyyət Mərkəzində - Azərbaycan mediasında hər zaman “casus yuvası” olaraq tanınan bir yerdə iki il necə çalışa bilər?
Öz avtobioqrafiyasında 2001 və 2007-ci illərdə İranda keçirilən şeir festivalında birinci yerə layiq görüldüyünü iddia edir. İranda hansı tədbir, kampaniya və “İslam Respublikası səviyyəli” festival ETTELAAT-ın nəzarətindən kənarda ola bilər? ETTELAAT-ın nəzarətində olan festivalda Sayman Aruz hansı xidmətlərinə görə laureat seçilə bilər? Bəlkə, fövqəladə dərəcədə istedadlıdır?
Sayman Aruz qədər istedadsız ikinci bir şəxs bəlkə də AYB-nin tarixində olmayıb. Onun “yaradıcılığı” fars dilində yazan o qədər də tanınmamış şairlərin şeirlərini Azərbaycan dilinə tərcümə edib, öz adına çıxmaqdan ibarətdir. Hətta Azərbaycanın məşhur şairinin şeirini də oğurlayıb, öz kitabına saldığı üçün bir neçə il öncə AYB-də baş verən qalmaqal haqda da bilməyən yoxdur.
Sayman Aruz nəinki ayrı-ayrı şeirləri, hətta farsca yazan müəllifin romanını da Azərbaycan dilinə çevirib, öz adı ilə yaydığı üçün qalmaqal yaşayan biridir.
Təsəvvür edin, belə bir şəxs AYB-nin Söhrab Tahir kimi nəhəngin rəhbərlik etdiyi Cənubi Azərbaycan şöbəsinə “rəhbərlik” edir. Onun AYB-yə yolunu və ümumiyyətlə, Azərbaycanın ictimai həyatında varlığını təmin edən isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov idi.
Əli Həsənovun vaxtilə İranla bağlı ictimai əlaqələrdən məsul olduğunu hər kəs yaxşı xatırlayır: məhz onun sayəsində agent olması haqda ciddi şübhələr yaranan Sayman Aruz AYB-nin Cənubi Azərbaycan şöbəsinə işə düzəlmişdi.
Sayman Aruz AYB-nin “rəsmi təmsilçisi” kimi güneylilərə özünü sırıyandan və dayaqlarını möhkəmlədəndən sonra diplom satmaqla məşğul olub. Bu haqda da 3 il öncə ətraflı məlumat, səs yazısı və faktları dərc etmişdik. AYB “laureatı” diplomunu 150 manatdan satışa çıxaran S.Aruz özünə aid hansısa “yaradıcı birliyə” üzv etdiyi güneylilərdən illik üzvlük haqqı da toplayırdı – bunların da səs yazılarını yaymışıq.
Heç bir güneyli Sayman Aruza qarşı açıq şəkildə çıxış edə bilmir – çünki bu şəxs dərhal həmin güneylinin doğmalarına İranda təzyiq etdirir. İranın zülmündən Bakıya qaçdığını iddia edən şəxsin İrandakı qüdrətini görürsünüzmü?
Azərbaycanda yeganə BUTA.TV saytıdır ki, 1 dekabr 2016-cı ildən Güney versiyası fəaliyyət göstərir - ərəb əlifbası ilə xəbərlər yayır. Bu versiyaya qarşı İran səfirliyinin təşəbbüsləri haqda geniş yazmadan yalnız onu deyə bilərik: Sayman Aruz bu versiyanın bağlanması üçün bütün vasitələrdən istifadə etdi! Başqa cür desək, İran Güney versiyamızın bağlanması üçün Sayman Aruzun qurban verilməsinə belə razı oldu!
2020-ci ilin iyul ayında – Tovuz döyüşlərindən dərhal sonra isə Sayman Aruz sonradan ifşa etdiyimiz və məhkəməyə dəlillərlə təqdim etdiyimiz təxribat planı qurdu: 2020-ci ilin iyul ayının 20-də, saat 12:49-da farsca kifayət qədər normal bir məqalə dərc olunmuşdu. Böyük məqalənin sondan ikinci abzasında yeganə təxribatçı cümlə vardı ki, bu da redaksiya əməkdaşlarının məqaləni diqqətlə oxumaması nəticəsində redaktə edilməmişdi.
Tanış oyundur!
Saat 11:51-də - 2 dəqiqə sonra isə həmin məqalənin tərcüməsi, o cümlənin xüsusi qabardılması ilə geniş bir status Türkiyədəki “mühacir” tərəfindən paylaşılmışdı. Sonra bəlli oldu ki, ümumiyyətlə o farsca məqaləni göndərən imza sahibi real şəxs deyilmiş.
İki dəqiqə ərzində məqalənin oxunması, tərcüməsi, o cümlənin tapılması, şişirdilməsi, skrinlər... – mümkündürmü? Bu, həmin olayın əvvəlcədən qurulmuş təxribat olduğunu təsdiqləmirmi?
Bütün bunları da məhkəməyə dəlilli-sübutlu təqdim etmişik – çünki Sayman Aruz ona “İran casusu” deməklə, şəxsiyyətini (?) təhqir etdiyimizi bildirib, bizi məhkəməyə vermişdi və həbsimizi tələb edirdi.
Sayman Aruz müvəqqəti də olsa, istəyinə nail ola bildi. Görünür ki, İyul döyüşlərindən sonra, 27 sentyabr öncəsi İran kəşfiyyatı nələrisə bilirdi və Azərbaycan mediasının imkanlarını daraltmaq üçün öz casuslarını işə salmışdı.
Hər zaman İrandan Azərbaycana gələn mühacirlər yarımleqal yaşayıb: Azərbaycan ya onları ölkədən çıxarmağa məcbur olub – İranla qonşuluq münasibətlərini qorumaq üçün – ya da müvəqqəti yaşam icazəsini də zülmlə verərək, burda onlara heç bir status tanımayıb.
Güneydən məhz təqiblərə görə Azərbaycana pənah gətirən yüzlərlə soydaşımızı tanıyıram, onların içərisində Azərbaycan vətəndaşı olan xanımlarla ailə quranlar da az deyil. Ancaq onların heç biri Azərbaycan vətəndaşlığı almayıb, ala bilməyib – yalnız Sayman Aruzdan başqa.
Sayman Aruza Əli Həsənovun müstəsna himayədarlığı ilə Azərbaycan vətəndaşlığı verilib – bir zəhmət, DİN araşdırsın ki, hansı səbəbdən yüzlərlə güneylinin illərlə xahişi rədd edilir, ancaq Sayman Aruza vətəndaşlıq verilir?
Güneylilərin böyük əksəriyyəti Bakıda adi işlərdə çalışır və zəhmətlə dolanırlar. Sayman Aruzun Bakıdakı evlərinin sayını güneylilər sayıb bitirə bilmir – yeni tikililərdəki evləri bir yana, BUTA.TV-ın Güney versiyasını müvəqqəti bağlatdırmağa nail olandan sonra Bakı ətrafında ikinci dəbdəbəli bağ evi də almağı bacarıb.
Adam “şairdir”, yalnız ictimai fəaliyyətlə məşğuldur. Kimsə izah edə bilərmi ki, bu imkanları o, necə və hansı yolla əldə edir? Ona ayrılan pulların mənbəyi haradır?
Bu azmış kimi, Sayman Aruz efirlərə də dəvət edilir: Araz Elsəs gəlir – böyründə mütləq Sayman Aruz; ən radikal, ən nadinc, ən əsəbi və İrana qarşı öz pullarını onillərdir xərcləyən ən mübariz bir insan – Əhməd Obalı Bakıya gəlir, yenə də böyründə Sayman Aruz!
Sayman Aruzun ictimai reputasiyasına onun kim olduğunu yaxşı bilən böyük media qurumunun rəhbəri də xidmət edir – və yaxud xidmət etdiyini bilmədən, onu təbliğ edir; Sayman Aruza AzTV efir verir və s.
Kimdir bunu bu şəkildə himayə edən? Bu hamilər güneylilərdən, elə ədəbi mühitdən Sayman Aruz haqda məlumatlar toplaya bilməzmi? Ya toplamaq lazım deyil də, bu ictimai rəyi heçmi eşitməyiblər? Bakının yolları kimi, qulaqları tıxanıb?
İş o yerə çatır ki, Sayman Aruz “Güney Azərbaycan icması” yaradası olur, təsis konfransı keçirmək üçün güneylilərin ocağına gedir.
O “konfransda” güneylilərdən aldadılıb ora aparılan Əhməd Obalıdan başqa kimsə olmayıb. Ancaq bunun da bir İran oyunu olduğunu hər kəs təxmin edə bilər: bütün mümkün layihələri mənimsəmək, ideyaları məhv etmək, yaradıla biləcək qurum haqda artıq indidən mənfi rəy formalaşdırmaq, ikitirəlik, təfriqə salmaq və s.
Sayman Aruzun “rəhbərlik etdiyi” heç bir quruma güneylilərin cəlbi mümkün deyil. Bəs, Sayman Aruz hardan alır bu cəsarəti, bu “enerji”ni, bu istək-arzunu və bunu reallaşdırmaq üçün vəsaiti? Kimsə bunu izah edə bilərmi?
Kimsə, nəhayət, güneyliləri parçalamaq, dağıtmaq, onları İrana çuğullamaq, onların ailəsinə təzyiq etdirməklə məşğul olan bu şəxsi durduracaqmı?
Dövlətimiz nəyi nə zaman etdiyini yaxşı bilir – tam əminəm. “Salamnyus” və “İnteraz”a 21 il niyə dözüb və məhz dünən hərəkətə keçdi – onu da özü bilər. Amma əgər indi casustəmizləmə əməliyyatı məqbul sayılıbsa, onda birilərinin ölkədə “ictimai diversiyası”na da dur deyilməlidir.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər