70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Nəriman Əliyevin Masallı Rayon Məhkəməsinə müraciət etməsinə isə Pərviz Abdullayevin sosial şəbəkəkədə yazdığı bu status olub:
“Min bir əziyyətlə qurub yaratdığımız 25-30 milyon manatlıq şirkət – “Ştutqart” mağazalar şəbəkəsi və buna bağlı olan digər şəbəkələri dayım - keçmiş millət vəkili Nəriman Əliyev tərəfindən əlimizdən alınıb və arxasına keçib. Haramı olsun, istədiyi kimi yeyir, bizim tərəfimizdən bütün qurumlara müraciət olunsa da, hər yerə pul verərək haqqımızı yeyirlər. Nəriman Əliyev bir neçə məmurun adın çəkib deyir ki, onlar mənim arxamdadır. Bu, Nəriman Əliyevin birinci böyük şirkətləri ələ keçirməsi deyil, əvvələr də belə böyük şirkətləri ələ keçirib və şərikinə kələk gəlib. Konkret iranlı şərikinin ürəyi partlayıb öldü. Bizim hələki ürəyimiz partlamayıb və bizim bu ölkədə kömək edəcək elə böyük yaxın məmur dostumuz yoxdur.
Nərimanın insafı da yoxdur. Əksinə öyrəşib kimlərəsə pul verib, kimlərəsə şər atdırıb, tutdurmağa. “Ştutqart” mağazalar şəbəkəsinin adını mən qoymuşdum. Arzularımız, xəyallarımız var idi. Şəbəkəni tam ələ keçirdikdən sonra dərhal adını dəyişib “Şassi” qoydu”.
Məhkəmə müəyyən edib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3-cü maddəsinin formal tələblərini pozmaqla tərtib edilib. Bu səbəbdən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.