Avropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərar verdi

Avropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərar verdi

Tarix: Siyasət

Avropa İnsan Hüquqları Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərovun 2016-ci ildə rüşvət ittihamı ilə həbs olunaraq məhkum edilməsinə dair verilmiş şikayət üzrə qərarını qəbul edib.

BUTA.TV xəbər verir ki, xəbərinə görə, ərizəçi öz şikayətində saxta sübutlar əsasında məhkum edildiyini bildirib.

O qeyd edib ki, cinayət işi saxta sübutlara əsaslanaraq başlanılıb, həmin sübutlara etiraz etmək və öz lehinə sübut təqdim etmək imkanı verilməyib, arqument və müraciətləri isə kifayət qədər əsaslandırılmadan rədd edilib.

Avropa Məhkəməsi Azərbaycana qarşı əvvəllər baxdığı işlərə istinad edərək qeyd edib ki, yerli məhkəmələr ərizəçilərin müdafiə arqumentlərini, o cümlədən təzyiq altında alınmış sübutlara etirazlarını düzgün qiymətləndirmədikdə; şübhəli sübuta əsaslandıqda; və ya sübutların etibarlılığı və qanuniliyi barədə ciddi narahatlıqları, o cümlədən sübutların saxta yerləşdirilməsi və prokurorluq orqanları ilə şahidlər arasında gizli qanunsuz əlaqələri qiymətləndirmədikdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu tanıyıb.

Məhkəmə nəticəyə gəlib ki, ərizəçinin ona qarşı sübutlara effektiv etiraz etmək, lehinə sübut təqdim etmək və əsaslandırılmış qərar almaq hüququ təmin edilməyib. Bu faktorlar cinayət icraatını bütövlükdə ədalətsiz edib. Nəticədə, Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndləri pozulub.

Məhkəmə Konvensiyanın 18-ci maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac görmədiyini vurğulayıb.

Məhkəmə mənəvi zərərə görə 4000 avro, məhkəmə xərclərinə görə 1000 avro kompensasiyanın ödənilməsini müəyyən edib.

Qeyd edək ki, R. Səfərovun hüquqlarını Yalçın İmanov, Bəhruz Bayramov və Fariz Namazlı müdafiə edib.