Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

Tarix: Siyasət

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan martın 31-də İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”, - o deyib.

Xaçatryan həmçinin bildirib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur:

“1988-ci ildən, daha geniş miqyasda isə 1991-ci ildən müharibə vəziyyətindəyik. Mən regionumuzdakı digər münaqişələrdən danışmıram... Optimizm realizmə əsaslanır: biz realistik və Azərbaycanla yanaşmalarımızı uzaqlaşdırmayan, əksinə, onları yaxınlaşdıran addımlar atırıq. Eyni qaydada davam edəcəyik və əminik ki, həmin gün gəlib çıxacaq. Çünki çoxları bu razılıq çərçivəsində mövcud olan fikir ayrılıqlarının aradan qalxacağına inanmırdı, amma martda məlum oldu ki, bu, mümkündür”, - Ermənistan prezidenti vurğulayıb və əlavə edib ki, hazırda masada hazır sənəd var.