Qonşu Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. “Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq. Eyni zamanda çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əmək haqqı alacaqlar və onların iş yeri saxlanılacaq.
Artıq analoji mövzu ilə bağlı ölkəmizdə də qanunvericiliyin dəyişdirilməsi gündəmdədir. Uzun müddətdir ki, silahlı qüvvələrin tam peşəkar ordu modelinə keçirilməsi ilə bağlı addımlar müzakirə olunur. Nəzərə alsaq ki, hazırda qonşu Gürcüstanın hərbi hərarətin yüksək olduğu 2 separatçı bölgəsi var, o zaman belə bir addımın hərbi xidmət keyfiyyətinə heç də mənfi təsir etmədiyini söyləmək olar. Digər tərəfdən Gürcüstanın hərbi xidmətə yararlı insan resursu da Azərbaycandan olduqca azdır.
Bəs görəsən, bənzər qanunun Azərbaycanda tətbiqi mümkündür?
Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, indiki mərhələdə hansısa ödəniş qarşılığında hərbi xidmət azad edilmə ilə bağlı prosesin tətbiqi düzgün olmaz:
“Müəyyən ödəniş müqabilində hərbi xidmətdən azad edilmə prosesinin indiki mərhələdə Azərbaycan üçün uyğun olduğunu düşünmürəm. Məsələ burasındadır ki, Gürcüstan belə bir qanun qəbul etməsi hansısa bir ölkə ilə müharibə şəraitində olmaması ilə bağlıdır. Biz də gələcəkdə Ermənistanla yekun sülh sazişi imzalandığı halda, təhlükəsizlik vəziyyətinə görə, Hərbi Xidmət Keçmək haqqında Əsasnamənin dəyişdirilməsini və səfərbərlik ehtiyatlarının maliyyə vəsaitləri qarşılığında sərbəst qalması müzakirə mövzusu ola bilər. İndiki mərhələdə elə kateqoriya şəxslər var ki, onlar hərbi xidmətdən möhlət ala bilirlər. Xüsusən, magistratura və doktorantura təhsili alan tələbələri misal göstərə bilərik. Bu səbəbdən bu gün üçün səfərbərlik ehtiyatlarımızın ödənişli qarşılığında hərbi xidmətdən azad edilməsi müzakirə mövzusu deyil”.
Polkovnik həmçinin qeyd edib ki, onsuz da Azərbaycan Ordusunda əsas vəzifələri icra edən hərbi qulluqçular çağırışçılar deyil:
“Dünyada müharibə və hərbi insidentlərin artdığı bir zamanda ölkəmizin müdafiə konsepsiyasının mövcud ola biləcək təhlükələrə qarşı dayanıqlı ola bilməsi səbəbi ilə sözügedən mövzu bu gün üçün aktual deyil. Amma bizdə müəyyən kilid vəzifələr var ki, məsələn, gizir və MAXE kimi, bunlar özündə peşəkar orduya keçidin göstəricisidir. Bu səbəbdən əsas hərbi vəzifələr gizir və MAXE-lər tərəfindən icra edildiyi üçün, müddətli çağırışçılar sadəcə hərbi xidmətlə bağlı başlıca lazımi bilik və vərdişlərə yiyələnir. Biz onsuz da müəyyən qədər peşəkar orduya keçid etmişik. Düşünürəm ki, indiki mərhələdə ordumuz səfərbərlik ehtiyatları ilə təmin olunmalıdır”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək