ABŞ-dan gətirilən bu məhsullara nəzarət gücləndirildi

15:16 - 13 Avqust 2024 - GÜNDƏM

 ABŞ-dan gətirilən bu məhsullara nəzarət gücləndirildi

Amerika Birləşmiş Ştatları (ABŞ) Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun (istehlaka hazır heyvan və quş əti məhsulları) geri çağırılması barədə qərar elan edilib.

BUTA.TV xəbər verir ki, Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına əsasən, ABŞ-nin 13 ştatında “Boar's Head Provisions Co” şirkəti tərəfindən istehsal olunan məhsulların “Listeria monocytogenes” bakteriyası ilə çirklənməsi nəticəsində 43 nəfərədək insanın xəstəliyə yoluxduğu müəyyənləşdirilib. Məlumatda həmçinin bildirilir ki, xəstəliyə yoluxanlar hospitalizə olunub və onların arasında üç ölüm hadisəsi baş verib.

“L.Monocytogenes” ilə çirklənmiş qidaların istehlakı ilk növbədə hamilə xanımlar, 65 və daha yuxarı yaşda olan və ya zəif immun sisteminə malik insanlara təsir edən ciddi infeksiya sayılan listerioz xəstəliyinə səbəb olur. Bəzi hallarda bu risk qruplarından kənar şəxslər də infeksiyanın təsir dairəsinə düşür.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində qeyd olunan məhsulların ölkəmizə idxal edilmədiyi müəyyənləşdirilib. Bununla yanaşı, Agentlik tərəfindən ABŞ-dən ölkəmizə idxal olunan bütün yüksək riskli qida məhsullarına nəzarət tədbirləri gücləndirilib.

Əlavə olaraq bildiririk ki, ölkəmizə idxalı həyata keçirilən yüksək riskli qida məhsullarının istehsalçıları qüvvədə olan qanunvericiliyə əsasən təsdiq proseduruna cəlb olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol