“Sülhün imzalanması üçün ilk növbədə Qərbin regiona baxışları dəyişməlidir”
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin taleyi havadan asılı qalmağa davam edir. Bir çox nikbin proqnozlara rəğmən, böyük ehtimalla, 2023-cü il də “ağ qoşa” kimi tarixə düşəcək. Hərgah, Azərbaycan əlindən gələni edir ki, bölgədə bir daha müharibə abı-havası olmasın, sabit sülh və əməkdaşlıq mühiti bərqərar olsun. Əfsus ki, bu, yalnız Bakıdan asılı məsələ deyil.
“Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərk-silah edilib və Azərbaycandan çıxarılıb”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən həftəsonu Brüsseldə jurnalistlərə açıqlamasında bildirib. O vurğulayıb ki, bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır. “Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”, - Azərbaycan rəsmisi vurğulayıb.
Hikmət Hacıyev daha sonra Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladaraq deyib: “Məqsədi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını saxlamaq olduğundan Minsk Qrupu həmsədrlik institutu uğursuzluğa düçar oldu. Biz hərbi işğala və təcavüzə son verdik. Ona görə də Azərbaycan indi Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir. Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir. Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bundan bir gün sonra yenə sülhə hazır olduğunu bəyan edib.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilib”, - Paşinyan iddia edib. Onun sözlərinə görə, əsas məsələlərlə bağlı tərəflər arasında artıq konsensus əldə olunub.
Əgər belədirsə, nədən İrəvan iki aydır Bakıya rəsmi cavab vermir, yoxsa Paşinyanın xəyalındakı sülh bambaşqadır?
Təsadüfi deyil ki, Ermənistanın baş naziri “Bakı və İrəvan bir-biri ilə fərqli diplomatik dildə danışır” söyləyib. Bakı hansı fərqli dildə danışır ki? Ermənistanın anlamadığı nədir?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov rəsmi Bakının heç bir fərqli dildə danışmadığını qeyd etdi: “Bakı bütün sivil düşüncəli siyasətçilərin dilində aydın və tam anlaşıqlı danışır. Sadəcə, Ermənistanın bu məsələdə oynadığı çoxbaşlı lüzumsuz oyunlar məsələnin həllini dalana aparıb çıxarır. Paşinyanın son dövrlərdə sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi bəyanatları, səsləndirdiyi fikirləri təhlil etsək, bu adamın nə istədiyini başa düşmək mümkün deyil. Hətta erməni siyasətçiləri belə etiraf edirlər ki, Paşinyan dünən bir söz, bu gün isə tamamilə başqa bir söz deyir. Bir sözlə, onun bu mövzudakı çıxışları Şuşada Cıdır düzündə içkili vəziyyətdə yallı getməsi və sonradan da "Qarabağ Ermənistandır və nöqtə" deməsi kimi sərsəmləmələrinə bənzəyir.
Azərbaycan hökumətinin sülh müqaviləsi ilə bağlı atdığı addımlar və göstərdiyi bütün təşəbbüslər doğru və düzgündür. Qalib ölkə söz sahibidir və qələbədən sonra bütün sərhədlərinə nəzarəti bərpa edib. İndi sülh müqaviləsi Ermənistana Azərbaycana lazım olduğundan 10 dəfə çox lazımdır. Qoy düşünsünlər. Azərbaycanın şərtlərini qəbul edib, sülh müqaviləsini imzalamadıqları hər gün onların ziyanına işləyir. Onlar üçün gerçəkdən ağıllanmaq zamanı çatıb. Ermənilər unutmamalıdır ki, hazırda onların sərhədlərini dünyada anoloqu olmayan bir formada - başqa dövlətin - Rusiyanın hərbçiləri qoruyur. Belə bir şəraitdə sabah Rusiya Ermənistanın daxilində hər hansı hərbi hərəkətlilik edərsə, Fransa və ya ABŞ buna necə qarşı çıxa biləcək? Odur ki, indi Ermənistanın yaranmış durumdan çıxış üçün yeganə doğru yolu Azərbaycan tərəfin şərtlərini qəbul edib, sülh müqaviləsini imzalamaqdan keçir. Sülh müqaviləsini imzalayıb Azərbaycan və Türkiyə ilə sərhədləri açıb, normal iqtisadi əlaqələr qurmaqla, bu dövlət özünü düşdüyü uçurumdan, daha doğrusu, özü-özünü saldığı bataqlıqdan xilas edə bilər".
Azər Badamov
Deputat Azər Badamov bildirdi ki, 10 noyabr bəyannaməsinin imzalanmasından sonra ölkələr arasında münasibətləri sülhə aparmalı olan öhdəlikləri Ermənistan boynuna götürdüyündən biz sülh müqaviləsinin imzalanması üçün əlimizi uzatdıq:“Bəyannamənin imzalandığı ilk aylarda Ermənistan üç rayonumuzu azad etsə də, sonra digər bəndləri icra etməkdən boyun qaçırdı. Azərbaycan məcbur olub yenidən lokal xarakterli antiterror əməliyyatının aparılmasına məcbur oldu. Nəhayət, ərazilərimiz Ermənistan silahlılarından və separatçılarından təmizləndi, bütün ərazilərimizdə suverenlik təmin edildi. Burada sual yaranır: üç il əvvəl çağırış etdiyimiz sülh müqaviləsini hər iki tərəf vacib sayıb, buna razı olduğunu bildirsə də, bu müddətdə niyə imzalanmadı?
Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaması üçün bir səbəbi qalmayıb. Çünki anklavlar və Ermənistandan deportasiya olunmuş soydaşlarımızın geri qayıtması məsələsi sülh müqaviləsinin icrası mərhələsində öz həllini tapmalıdır. Yəni dəqiq sərhədlər müəyyənləşməli və hər bir dövlət özünün suveren sərhədlərində möhkəmlənməlidir. Burada Azərbaycanın niyyəti aydın və təmizdir. Dövlətimiz bütün məsələləri sülh yolu ilə həll etmək və gələcək nəsillər üçün hər hansı bir problem saxlamaq istəmir. Ermənistan isə sözdə sülh müqaviləsinin imzalanmasına razı olduğunu bildirsə də, ötən üç ildə bu müqavilənin imzalanması üçün konstruktivlik nümayiş etdirmədi. İrəvanın son üç ildəki hərəkətlərinin sülh müqaviləsi adı altında vaxt qazanmaq olduğunu müşahidə etmək çətin deyil. Çünki Fransa və ABŞ Ermənistana çox şey vəd etmişdi. Ona görə də Azərbaycana qarşı qərəzli sənədlər qəbul edir və Ermənistanı sülhdən daha çox müharibəyə ruhlandırır. Bu, Qərbin köhnə taktikasıdır. Torpaqlarımız işğal altında olduğu 30 ildə də BMT qətnamələrini icra etdirməyərək torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdılar. Minsk Qrupu Azərbaycanı işğalla barışdırmaq istəyirdi. Deyirdilər ki, münaqişənin hərb yolu ilə həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişə əvvəlcə hərb, sonra siyasi yollarla həll olunmalıdır. Ona görə də II Qarabağ müharibəsi qaçılmaz oldu. İndi tarix yenidən təkrarlanana daha çox oxşayır. Qərb sülh pərdəsi altında Ermənistanı silahlandırır və ruhlandırır. Amma onlar başa düşmürlər ki, Azərbaycan da bir yerdə dayanmayıb və ordusunu daha da müasirləşdirir, gücləndirir. Bu da yenidən Azərbaycan-Ermənistan müharibəsi baş verərsə, nəticəsinin necə ola biləcəyi ilə bağlı proqnoz verməyimizi çətinləşdirmir. Qərbin məqsədi ya güc yolu ilə Cənubi Qafqazda yerləşmək, ya da Ermənistanı məhv etdirməkdir. Ermənistan rəhbərliyi isə həmişə olduğu kimi, vəziyyəti dəyərləndirmir. Qərbi daha ciddi şəkildə Azərbaycana qarşı qoymaq və diləndiyi vəsaiti daha da artırmaq Ermənistanın əsl niyyətidir. Ona görə də Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanmasından uzaqdır. Ancaq bu da sonsuz deyil. Qərb hələ ki Ermənistanın saxta yalanlarına inanıb Ermənistanda möhkəmlənmək üçün yardımlarını göndərir. Amma bir müddət keçəndən sonra etdikləri yardımların bir nəticəsinin olmadığını görəndə dayanacaqlar və yenidən siyasətlərini Azərbaycanla münasibətlərin möhkəmlətməsinə yönəldəcəklər. Bu, bir analogiyadır və başqa bir nəsə baş verəcəyini hesab etmirəm.
Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün ilk növbədə Qərbin regiona baxışları dəyişməlidir. Əgər Qərb ədalətli mövqe nümayiş etdirərək, məsələlərə beynəlxalq hüquq prizmasından yanaşarsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lap qısa bir zaman kəsiyində imzalana bilər".
- Leyla Əliyeva Qəbələdə - Foto
- Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
- Hacıqabulda 500-dən çox ev su altında qaldı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Şeyx Özbəkistana gedir
- MN açıqladı: Bu sursatlar məhv ediləcək
- İcma Ermənistan prezidentinə cavab verdi
- Məhəmməd peyğəmbər ermənilərə məktub yazıb? - Foto