Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl sel nəticəsində Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə uçub. Bu körpü 1974-cü ildə tikilibsə də, 2016-cı ildə isə əsaslı bərpa və möhkəmləndirmə işləri aparılıb. Fotolardan da görünür ki, körpünün dayaqlarında bərpa işləri aparılıb. Buna görə də yenilənmiş, bərpa edilən körpünün sel nəticəsində dağılması sual doğurur.
Məsələ ilə bağlı BUTA.TV-a danışan memar Cahid Həsənov bildirib ki, bu hadisələr tikinti sahəsinə, ələlxüsus da körpü tikintisinə peşəkar kadrların cəlb olunmadığına görə baş verir:
“Körpü tikintisi ciddi konstruksiya həlli tələb edir. Ümumiyyətlə, təbii fəlakətlərin gücü nəzərə alınmalıdır. Baş verənlər texniki göstəricilərin yerinə yetirilmədiyini göstərir. Və bunun davamlı olmayacağına zəmanət yoxdur. Bu tikinti sahəsində olan tenderlərdə qoyulan tələblər arasında seçiləcək tikinti şirkətinin memarının, mühəndisinin, iş icraçısının diplomu, stajı, son 20-30 ildə gördüyü işlər haqda heç nə tələb olunmadığının həmişə şahidi olmuşuq. Əgər tikinti sektorunda Memarlıq və İnşaat Universiteti kimi təhsil ocaqlarında yetişən şəxslərin əməyindən istifadə olunmursa, onda bu müəssisələr bağlanmalıdır. Hazırda yüzlərlə mütəxəssis var ki, bu sahə üzrə təhsil alsa belə, başqa işlərdə çalışırlar. Sözügedən hallar da məhz bunun nəticəsidir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, sel suları səbəbindən körpülərdə belə hadisələr hər yerdə olur:
“Belə hadisələr yeni, yaxud illər əvvəl inşa edilmiş və ya təmir olunmuş körpülərdə də baş verə bilər. Burada qeyri-adi heç nə yoxdur”.