"Zirə" və "Qəbələ" UEFA Konfrans Liqasına vəsiqə qazandı

19:22 - 15 May 2022 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

Buta.ws-ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda başlayıb.

"Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub.

"Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərində isə 90+5-ci dəqiqədə Kristian Sebalyos, Aleksey Kaşuk 90+6-cı dəqiqədə adını tabloya yazdırıb.

Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci, Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə" 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.

Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib.

Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.

Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol