USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Xırıldayanda gedib yenə bıçaqladım - Emin 444-ün qətli

08:03 - 13 Sentyabr 2021 - KRİMİNAL

Kriminal aləmdə Emin 444 kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Buta.ws xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Xatırladaq ki, Emin 444-ün ölümünə görə həbs edilmiş şəxslər Həsən Tağıyev və Zaur Yusifovdur.

Qətl hadisəsinin baş verməsinə Emin 444-lə Həsən Tağıyev arasında bir neçə ay davam edən ədavət səbəb olub.

Həsən Tağıyevlə Zuar Yusifov isə dost olublar. Zaur Yusifov, həmçinin Həsənin məşqçisi imiş. Həsən Tağıyev də əvvəllər məhkumluq həyatı yaşayıb və son zamanlar avtobus sürücüsü işləyirmiş.

Məlumata görə, Emin 444 həbsdən çıxdıqdan sonra yolda Həsəni görüb və onu yanına çağırıb. Emin bu zaman Həsənə “ayə” deyərək müraciət edib. Həsən isə buna etiraz edib və Eminin yanına getməyib. Emin isə bunu hörmətsizlik kimi qəbul edib və buna görə Həsəni cəzalandıracağını deyib. Bu məsələyə isə dəfələrlə Zaur Yusifov müdaxilə edərək tərəfləri barışdırmağa çalışıb. Sonuncu belə görüşlərdən birində isə Emin Zaura deyib ki, kimsə onu tutdurmaq istəyir və polisə şikayət edib. Bu söhbət zamanı Həsən də orada olub. Həsən bu söhbəti özünə eyham vurluması kimi başa düşüb.

Məlum olub ki, Emin Həsəni cəzalandıracağını deyib və tanışlarına zəng edərək onu harada görsələr, vurmağı tapşırıb.

Rəsmi ittihamda göstərilir ki, Həsən Tağıyev 2018-ci ildə soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib və nə zamansa Eminlə hesablaşacağını bilib.

Məlumata görə, bundan sonra Həsənlə Emin 444 arasında olan məsələni həll etmək üçün Zaur Yusifov bir neçə dəfə də cəhd edib.

Qətl hadisəsindən əvvəlki görüşdə Emin Səfərov Zaur Yusifovla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün BMV X5 markalı avtomobili ilə sonuncunun yaşadığı Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27 saylı evin qarşısına gəlib. Bu zaman Həsən də orada olub. Zaur Yusifov Eminin maşınına əyləşən zaman Həsən də arxa oturacaqda oturub. Emin Həsəndən maşından düşməsini tələb edib. Amma Həsən yalnız Zaur Yusifovun razılığından sonra avtomobildən düşüb. Bu zaman Emin Səfərov Həsənə hörmətsizlik etməsini bağışlamayacağını, onunla ayrıca söhbət edəcəyini bildirib.

Emin Səfərov görüş zamanı Zaur Yusifova Həsəni bu qədər qorumasını irad kimi bildirib. Bu söhbət Eminlə Zaur arasındakı münasibətləri də gərginləşdirib. Məsələnin davamı kimi Emin Səfərov Zaur Yusifova məxsus “Nargilə” çay evinə gedərək orada işləyən şəxslərə “Zaura deyərsiniz, kafeni məndən təhvil alar” deyib. Bu söhbət tərəflər arasında ədavəti daha da böyüdüb.

İttihamda göstərilir ki, bundan sonra Zaur Yusifov və Həsən Tağıyev qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Emin Səfərovu qəsdən öldürmək qərarına gəlib.

2019-cu il, mayın 9-da Həsən Zaur Yusifovun yaşadığı evə gedib. Bu zaman Emin Səfərovun maşınını görüb. Emin Səfərovun Zaur Yusifovun atası Əli Yusifovla avtomobilin içərisində söhbət etməsini görüb.

İttihamda göstərilir ki, Zaur Yusifov cinayətkar niyyəti həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb. O, avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Həmin vaxt Həsən də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb.

Rəsmi ittihamda göstərilir ki, Emin Səfərov avtomobilin sağ ön qapısından çıxmaq istəyib.

Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

Müayinə zamanı məlum olub ki, Emin 444-ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

Həsən ifadəsində deyib ki, Emin tərəfindən öldürüləcəyini dəqiq bilib: "Mən onu öldürməsəydim, o məni öldürəcəkdi. Vuranda yerə yıxılmışdı. Xırıldayanda gedib yenə vururdum. Bilirdim ki, ölməsə, məni öldürəcək".

Bildirək ki, Emin 444 bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmə yaxınlığı ilə tanınıb. Emin “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamı olub.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər