Agentlikdən Bakı-Quba yolu ilə bağlı açıqlama

17:10 - 13 May 2022 - GÜNDƏM

 Agentlikdən Bakı-Quba yolu ilə bağlı açıqlama

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri Prezident İlham Əliyevin tapşırığına uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası təmin olunur. Cəmiyyətdə isə tikinti-bərpa işlərinin başlanılması ilə bağlı müxtəlif əsassız fikirlər səsləndirilir.

AAYDA-dan Buta.ws-a bildirilib ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Qeyd edək ki, hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol