DİM imtahan qiymətlərini niyə artırır?

14:16 - 3 Dekabr 2021 - GÜNDƏM

 DİM imtahan qiymətlərini niyə artırır?

III ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarına əlavə olaraq coğrafiya fənni üçün 15 manat ödəyəcəklər. Sınaq imtahanlarının 40 manata başa gəldiyini nəzərə alsaq, ümumilikdə ödənilən məbləğ 55 manat olacaq.

Bununla bağlı Buta.ws-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, DİM publik hüquqi şəxsdir və Mərkəz dövlət büdcəsindən maliyyələşmir.

“DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir. Hər hansı bir imtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM imtahanların onların təşkili, keçirilməsi, daşınma və mətbəə xərcləri, test bankının hazırlanması və zənginləşdirilməsi, imtahan nəzarətçiləri, rəhbərlər və digər kənardan dəvət olunan şəxslərə ödənilən əmək haqları və s. ətraflı şəkildə araşdırılır”, - DİM rəsmisi deyib.

Onun sözlərinə görə, III ixtisas qrupu üzrə imtahana yazılanlardan hər hansı əlavə ödəniş tələb olunmur:

“Bu qrupda 2 altqrup var. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları TC, digər ixtisaslar isə DT altqrupunda cəmlənib. İmtahan qiyməti də təbii ki, eynidir. Sadəcə olaraq kimsə hər iki altqrupuna aid ixtisasları seçmək istəsə, əlavə olaraq coğrafiya fənni üzrə imtahan verməlidir. Bu seçim isə tam sərbəstdir. Yalnız bu zaman əlavə coğrafiya fənni üçün 15 manat iştirak haqqı tələb olunur”.

Təhsil üzrə ekspert Elşən Qafarov isə saytımıza bildirib ki, vaxtilə 3, sonradan 12 manat olan sınaq imtahanlarını DİM-in 40 manata qaldırmasının heç bir izahı yoxdur:

“Bu, şişirdilmiş qiymətdir. Bununla bağlı DİM rəsmisi açıqlama verir ki, pul kağıza, imtahanı yoxlayanlara verilir. Bu pul əvvəl də verilirdi. DİM-in qiyməti bu qədər artıra bilməsi üçün ölkədə o dərəcədə inflyasiya yoxdur. DİM imtahan nəzarətçilərinə, marker-müəllimlərə ödənişi artırmayıb ki, bunu əsas gətirsin. DİM-in belə həssas məqamda sınaq imtahanları üzərində qiyməti artırması təəssüfedici haldır. Magistratura üçün də sınaq imtahanaları 50 manatdır. İstənilən halda bunu qınayıram. DİM-in şişirdilmiş qiymətləri təhsilə xidmət etmir. Bu, ali təhsilin hamı üçün əlçatan olması prinsipinə ziddir”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol