KTMT də bu işdə Bakıya yardım etməlidir - Aznevi

12:04 - 29 Mart 2022 - GÜNDƏM

 KTMT də bu işdə Bakıya yardım etməlidir - Aznevi

Rusiya “terrorizmin qarşısını almaq və silahsızlandırma” bəhanəsi ilə Ukraynaya müdaxilə etdiyi halda Azərbaycanın Qarabağı silahlı erməni terrorçularından təmizləməsinə əngəl olur. Rəsmi Moskvanın belə davranışı öz münasibətində səmimi olmadığını, ikili standartlarla Azərbaycana yanaşdığını göstərir.

Bu sözləri Buta.ws-a açıqlamasında Ankara Vəkillər Kollegiyasının üzvü Fərhad Aznevi (Ferhat Aznevi) deyib. Onun sözlərinə görə, atılan mənfi addımlar həm beynəlxalq prinsiplərə, həm də Qarabağ müharibəsindən sonra müəyyən fəallıq nümayiş etdirən KTMT-nin nizamnaməsinə ziddir:

“Rusiya Qarabağdakı separatçıları müxtəlif formalarda himayə etmək yerinə, üzv olduğu KTMT-nin nizamnaməsinə uyğun şəkildə özü də Qarabağın silahlı erməni separatçılarından təmizlənməsi üçün Azərbaycanın mövqeyini dəstəkləməlidir. Nizamnamənin “Məqsəd və Prinsiplər” adlı 2-ci hissəsinin 3 və 4-cü maddələrinə əsasən üzv dövlətlər yalnız öz ərazilərində deyil, eyni zamanda beynəlxalq təhlükəsizliyə qarşı təhdid olduğu zaman ona qarşı mübarizədə ortaq həmrəylik nümayiş etdirməlidir. BMT TŞ-nin də məlum dörd qətnaməsində bütün qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməsi tələb olunub. Hazırda isə bu terrorçu erməni birləşmələri Azərbaycan ərazisində öz təxribatçı fəaliyyətlərini davam etdirir. Ərazidə müvəqqəti yerləşdirilən rus sülhməramlıları 10 noyabr bəyanatının 4-cü maddəsinə uyğun şəkildə həmin dəstələri Qarabağdan çıxarmalı, əgər bunu yerinə yetirmirlərsə, ona Azərbaycanın sözügedən istiqamətdə fəalliyətlərinə əngəl olmamalıdırlar”.

Aznevi yerinə yetirilmədiyi təqdirdə Azərbaycanın 10 noyabr bəyanatından imtina hüququnu özündə saxladığını bildirib:

“Lakin biz tam tərsini görürük. 10 noyabr bəyanatında müşahidəçi statusunda olan Rusiya və bölgəyə göndərdiyi sülhməramlılar öz öhdəliklərini yerinə yetirmirlər, bir çox şeylərə göz yumurlar. Müşahidəçi sözünü təsadüfən işlətmədim. Rusiya 10 noyabr bəyanatında müşahidəçidir, müharibənin tərəfləri isə Azərbaycan və Ermənistandır. Rusiya bölgədən qanunsuz dəstələrin çıxarılmasını, mülki əhalinin oraya qayıtmasını, delimitasiya və demarkasiya prosesini, yəni ümumiyyətlə yekun sülhə gedən prosesin təhlükəsiz şəkildə inkişafını təmin etməlidir. Rus sülhməramlıları Azərbaycanın razılığı ilə Qarabağa gəlib. Əgər onlar öz vəzifələrini yerinə yetirməkdə acizdirlərsə, onda rəsmi Bakı birtərəfli şəkildə rus sülhməramlılarının Qarabağı tərk etməsini istəyə və 10 noyabr bəyanatından imtina edə bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol