Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Nurlanə Əliyeva: Azərbaycan xalqının böyük oğlu - əyilməz Ziya Bünyadov

Mədəniyyət
Nurlanə Əliyeva: Azərbaycan xalqının böyük oğlu - əyilməz Ziya Bünyadov

Dünya şöhrətli şərqşünas alim, görkəmli ictimai xadim, akademik, Sovet İttifaqı Qəhrəmanı və Əməkdar Elm xadimi Ziya Bünyadovun xatirə günüdür. 


Ehtiramla xatırlayaq.


Azərbaycanın görkəmli şərqşünası, tarixçi, Dövlət Mükafatı Laureatı 

Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yaymışdır. 

Dünyaşöhrətli alim zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. 

Ziya Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 

O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
 

Azərbaycanın vətənpərvər oğlu Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astarada anadan olub. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Ziya Bünyadov orta məktəb illərini Göyçayda keçirib. 

1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gedir. Tibb komissiyasından keçə bilmədiyindən yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 

1941-ci ildə hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq döyüş yolu keçirir. 

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak edib. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi. Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. 

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 
 

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunur. Ordudan tərxis olduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olur (1946-1950), institutun aspiranturasında da təhsil alır (1950-1954). 1954-cü ildə “İtaliya imperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib.

Həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib (1958-1959). 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsrlər tarixi" şöbəsinin rəhbəri olub. 

1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alır. Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararkən, 1937-ci ilin qurbanlarını xalqa tanıtdırarkən, onlara bəraət qazandırarkən, adlarını tarixdə bərpa etdirərkən və beləliklə, o dövrü doğru-düzgün işıqlandırarkən də əsl hünər göstərib. 1965-ci ildə ona professor dərəcəsi verilir. 

1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilir. 

1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunur. “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” kitabı 1978-ci ildə çapdan çıxır. Bu əsər elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülür (1980). 

Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
 

Akademik Ziya Bünyadov Şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqlənirdi.
 

Onun elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.
 

Azərbaycan Tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun əməyi  təqdirəlayiqdir. 

Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür. 
 

Ziya Bünyadov İxtisaslı Şərqşünas Kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.
 

1992-ci ildə Ziya Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini,  1995-ci ildə Milli Məclisin deputatı seçilmişdir. 

1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – “İstiqlal” ordeninə layiq görülmüşdür.

 Bakının ən böyük prospektlərindən birinə alimin adı verilmişdir. 

Bakıdakı AMEA-nın Şərqşünaslıq İnstitutu, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə mərhum akademikin adını daşıyır.
 

İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, əsil alim və əsil vətəndaş Ziya Bünyadovun əziz xatirəsi xalqımızın xatirindən silinməyəcək, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır.
 

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Mədəniyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla