Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Niyə Paşinyanı həyəcan bürüdü, səsi titrədi? - Moskva görüşünün detalları

Siyasət
Niyə Paşinyanı həyəcan bürüdü, səsi titrədi? - Moskva görüşünün detalları

Yanvarın 11-də bütün dünyanın, ələlxüsus Avrasiyanın gözü Moskva şəhərində idi. Regionun ən çətin münaqişələrindən sayılan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun müddət idi ki, Cənubi Qafqaz istənilən zaman partlaya biləcək barıt çəlləyinə bənzəyirdi.


Ermənistan dövləti, ümumdünya erməni diasporu və erməni kilsəsi ardıcıl strateji hədəflərinə əsasən havadarlarının birbaşa köməyi ilə 200 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının işğalı ilə məşqul idilər. Hətta iş o yerə çatmışdı kı, ermənilər İrəvanın, Göyçənin, Zəngəzurun və ən son Qarabağın işğalını yetər saymayaraq, bunlarla kifayətlənmək istəmir, 2018-ci ildən başlayaraq “yeni müharibə - yeni ərazilər” iddiasını irəli sürmüşdülər. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin Ermənistanı cəzalandırmaması, onu himayə etməsi nəticəsində baş verirdi.


Lakin bu ilin sentyabrın 27-də başlayan hərbi əməliyyatlar ermənilərin və onun havadarlarının iddiasına həmişəlik zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda Azərbaycanın başçılığı altında yeni geosiyasi və geoiqtisadi konfiqurasiyasının formalaşmasının şahidi olmaqdayıq.


10 (9) noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu.


Bu Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 11-də Moskvada üç ölkənin başçısının görüşü - 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Dünən Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi.


Ermənistan tərəfinin postmüharibə dövründə müxtəlif istiqamətli təxribatlarını nəzərə alsaq, Moskva görüşündə Nikol Paşinyan bir çox suallara cavab verməli idi. Elə görüş başlar-başlamaz Ermənistan Baş nazirinin üzünü bürümüş həyəcan, çıxış zamanı səsindəki titrəmələr də bu dövlətin hansı vəziyyətə düşdüyünün bariz nümunəsi idi. Onun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın paytaxtına qalib ölkənin Ali Baş Komandanı kimi səfər etdi və istər üçtərəfli görüşdə, istərsə də mətbuat konfransında özünə əminliyini ifadə edərək münaqişənin artıq arxada qaldığını bəyan etdi.


Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi, sözsüz ki, Azərbaycanın postmüharibə dövründəki diplomatik uğuru sayıla bilər. Ermənistanın əksinə olaraq, Bakı Moskva görüşündə qarşısına qoyduğu mühüm məqsədlərə çatmağı bacardı. Bağlı qapılar arxasında baş tutmuş üçtərəfli görüşdə Azərbaycan 10 noyabr Bəyanatının dəqiqliklə icrasını tələb edib və razılıq əldə edilib. İctimaiyyətə açıqlanan məqamlara gəldikdə isə, 11 yanvar Bəyanatında bilavasitə 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirildiyini qeyd edə bilərik.


Misal üçün, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək dəhlizin açılışı ilə bağlı işçi qrupun yaradılması. Bununla bağlı çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir.


Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.


Eyni zamanda, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.


Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş Moskva razılaşması, sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbədir. Ermənistanın İran və Rusiya ilə Azərbaycan vasitəsilə kommunikasiya əlaqələrinin bərpası Nikol Paşinyan tərəfindən təslimçiliyin bariz nümunəsidir. Düzdür, daxili auditoriya üçün o, mətbuat konfransında görüşdəki nəticələr haqqında ikibaşlı danışsa da, fakt faktlığında qalır kı, Rusiya və Azərbaycan liderləri regionun yeni geosiyasi xəritəsini artıq cızıblar.


Elə Prezidentin üçtərəfli görüşün nəticəsi olaraq birgə Bəyanatda səsləndirdiyi fikirlər də postmüharibə dövründə Ermənistanda və Qərbdəki bəzi revanşist qüvvələr üçün çox vacib ismarış sayıla bilinər: “...Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.


Bəli, əldə edilmiş razılıq və birgə Bəyanat, artıq Qarabağ münaqişəsinin arxada qaldığının bariz nümunəsidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur. Bu ilin martın 1-dək Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazir müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi Qrup Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini təqdim edəcəklər.


Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla