USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

DTX əməliyyat keçirdi - SAXLANILAN VAR

14:28 - 18 İyun 2021 - KRİMİNAL

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.

Buta.ws Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılmış və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Loading...