“Qarabağ ermənilərinin problemlərin həllinə pul ayıraq” - Deputat

23:12 - 14 Yanvar 2023 - CƏMİYYƏT

 “Qarabağ ermənilərinin problemlərin həllinə pul ayıraq” - Deputat

Erməni separatçıların Qarabağdakı talanlarına və törətdikləri ekoloji terrora etiraz olaraq Laçın yolunda dinc aksiya davam edir. Məsələnin mahiyyətini bir kənara qoyan Ermənistan və erməni separatçı rejimi dünya boyunca hay-küy salaraq Azərbaycanı günahlandırmağa cəhd göstərirlər.

Təəssüf ki, beynəlxalq miqyasda bəzi ciddi dairələr də bilərəkdən, yaxud bilməyərəkdən erməni toruna düşür və Azərbaycana “Laçın yolunu açmaqla” bağlı çağırış edirlər. Yolun bağlı olmadığını isə aksiya müddətində 300-dən artıq minik və yük avtomaşınının sərbəst şəkildə hərəkəti, Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi müayinəyə ehtiyacı olanları Xankəndidən Ermənistana aparması, həmçinin erməni ailələrinin təhlükəsiz keçidinə şərait yaratması da təsdiq edir. Üstəlik, baş separatçı Ruben Vardanyan da etiraf edir ki, blokada yoxdur, hətta alternativ “həyat yolu”nun olduğunu da söyləyir.

Bir neçə gün əvvəl Azərbaycan hərbçilərindən yemək və siqaret istəyən Toros Kazaryanın kefikök, əlidolu Xankəndiyə yola salınması da Azərbaycanın gerçək münasibətinin göstəricisi oldu. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir daha Qarabağ ermənilərinə şans verdi, ölkəmizin qanunlarına əməl etməyənlər üçünsə Laçın yolunun açıq olduğunu söylədi. Qarabağ ermənilərini girovluqda saxlayan separatçı rejimsə onların bölgədən qaçmasını və yaxud Azərbaycan hökumətinə tərəf meyillənməsini əngəlləyirlər. Elə sonuncu hal, bankomatlardan pul çıxarılmasına limit qoyulması da bu planın tərkib hissəsidir. Azərbaycan hökuməti Qarabağ ermənilərinin bəhanələrini kəsməkdən, erməni əhalinin birgəyaşayış təkliflərinə müsbət reaksiyasını almaqdan ötrü hansı təkliflərlə müraciət, yaxud proqramları təqdim edə bilər?

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bununla bağlı Musavat.com-a açıqlamasında maraqlı fikirlər səsləndirdi:

“Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Fikrimcə, sözügedən problemi hansısa fraqment xarakterli sirnikləndirici vədlərin köməyi ilə həll etmək mümkün deyil. Ən azından ona görə ki, həmin proseslərin əsas bədxahları Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayanlar, Xocalı soyqırımı törədələr, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin salanlar, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdanlar, sərvətlərimizi talan edənlər, ekoloji terror tördənlərdir. Bunu təkcə biz demirik... Bu baxımdan italiyalı professor Daniel Pommier Vinçellinin mövqeyi diqqətçəkəndir. Daniel Pommier vurğulayıb ki, “son günlərdə Laçın yolunda baş verənlərin kökündə məhz ermənilər arasında sülh müqaviləsinə qarşı çıxan və qərbdən daha çox rəsmi Moskva ilə bağlı qüvvələrin gərginliyi artırması dayanır: bunun əvəzində isə rəsmi Bakı nəyin bahasına olursa-olsun regionun gələcəyinin təməl daşı sayılacaq sülh müqaviləsini imzalamaq istəyir”. Ona görə də sözügedən kateqoriyadan olanlarla bir, Azərbaycana inteqrasiya olmaq istəyənlərlə isə çox lazımı fərqli dillə danışmaq lazımdır. Bu baxımdan məsələyə münasibətdə paralel olaraq iki istiqamətdə tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik: Birincisi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı bizə qardaş, dost ölkələrin, beynəlxalq təşkilatların da dəstəyinə nail olmaq lazımdır”.

Ə.Məsimlinin sözlərinə görə, bizim Qarabağdakı yataqlarımızın qanunsuz istismarı ilə bağlı arqumentlərimizin beynəlxalq miqyasda eşidilməsinə nail olmaqla yanaşı, digər işlər də sistemli şəkildə həyata keçirilməlidir: “Həm də Ermənistanın Azərbaycana qarşı ekoloji terroru və sərvətlərimiz talan etməsi ilə bağlı çoxaylı digər məsələlər də beynəlxalq məhkəmələrədək aparılmalı, Ermənistanda, həmçinin Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları, ekoloji fəlakət törədənlər, bu əməllərin digər iştirakçıları layiqli cəzalarına çatmalı, həm də Ermənistan Azərbaycana dəymiş zərəri ödəməlidir. Bizim yurisdiksiyamıza keçirilmə ilə bağlı prosesin nəticələrindən asılı olaraq, həmin təzminatın bir hissəsi Qarabağ ermənilərinin qarşılaşdığı problemlərin həllinə yönəldilə bilər. Bundan ötrü həm də əvvəlcə Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməli, həmin yolla silah-sursat daşınmasının qarşısı alınmalııdr. İkincisi, Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal edib, 30 il ərzinə talan etdiyi və xarabazara, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edib, tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir”.

Ə.Məsimli Qarabağın bərpasına böyük vəsaitlərin ayrıldığını xatırlatdı: “Son iki ildə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib. 2023-cü ildə isə əlavə 3 milyard manat vəsait yönəldiləcək və növbəti illərdə bu rəqəm xeyli artırılacaq. Azərbaycanın Vətən müharibəsindəki qələbəsini genişləndirməkdən və əbədiləşdirməkdən ötrü öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı prosesi sürətləndirilməlidir. Bu prosesin sürətlənməsi vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında həlledici rol oynayacaq. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Təbii ki, bu prosesə davamlı xarakter verməkdən ötrü işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir”.

Deputat qeyd etdi ki, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: “Belə bir şərait Qarabağ erməniləri arasından da Azərbaycana münasibətdə konstruktiv mövqe sərgiləyənlərə qoşulanlarını sayınına artmasında ən ciddi stimul rolunu oynayacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol