Ordumuzun "Bodiqard"a oxşayan əməliyyatı... - General

11:18 - 24 Noyabr 2022 - GÜNDƏM

 Ordumuzun

Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı.

Buta.ws xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi:

"Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu. Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi".

General-leytenant bildirib ki, əslində düşmən tərəfindən qurulmuş istehkam maneələri yarıldıqdan sonra hərbi vəzifəlilər vəziyyətin bu şəkildə cərəyan edəcəyini bilirdilər:

"Müdafiə naziri başda olmaqla, Ermənistan ordusunun hərbi elitası Paşinyanı aldatmışdı. Müdafiə naziri David Tonoyanın vəzifədən istefa verməsi faktı da bunu sübut edir. Paşinyan bir neçə onilliklər ərzində xarici havadarlarının köməyi, dəstəyi ilə qurulmuş istehkam qurğularının onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünürdü. Lakin onun ümidləri alt-üst oldu. Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı. Belə ki, 2020-ci il Tovuz hadisələrindən (iyul ayı) sonra erməni rəhbərliyində belə bir fikir formalaşdırıldı ki, Ermənistan ordusu hücum etdiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ağdam istiqamətindən əks-hücuma keçəcək. Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şərq istiqamətindən əks-hücuma keçəcəyini təxmin edirdisə, Azərbaycan Ordusu şimali-şərq və cənubi-şərq istiqamətlərində düşmənin müdafiəsini yararaq qısa müddətdə on kilometrlərlə dərinliyə irəlilədi. Bununla da Ermənistanın Ağdam cəbhəsində inşa etdiyi güclü mühəndis-istehkam qurğuları praktiki olaraq öz əhəmiyyətini itirmiş oldu".

"İkinci Dünya müharibəsi ərəfəsində ABŞ Prezidenti Franklin Ruzvelt nasistlərin müdafiəsi ilə bağlı qeyd etmişdi:

"Hitler Avropanın ətrafında qala qurub, lakin damını qoymağı unudub". Eyni sözləri İkinci Qarabağ müharibəsi ilə bağlı da demək olar. Ermənistan ordusu işğal olunmuş rayonlarda mühəndis-istehkam maneələri qurarkən Azərbaycanın hava üstünlüyünü nəzərə almamışdı. Beləliklə, Azərbaycan Ordusu düşməni bütün istiqamətlərdən küncə sıxışdırdı", - general-leytenant H.Piriyev əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol