Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Dövlət başçısı: "Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır"

Siyasət
Dövlət başçısı: "Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır"

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

"Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir". 

 

Buta.ws "Report"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

 

Dövlət başçısı bildirib: 

 

"Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı.

 

Hələ o vaxt - 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirirdi.

 

Bir məsələni də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da “Şahdəniz” yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim. Yadımdadır, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük diqqətlə qulaq asırdı. Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki, kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər “Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər “Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir.

 

Belə hadisələr çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla