Aİ-92 markalı benzin bahalaşacaq? - AÇIQLAMA

10:34 - 16 Avqust 2022 - İQTİSADİYYAT

 Aİ-92 markalı benzin bahalaşacaq? - AÇIQLAMA

Aİ-92 markalı benzinin litrinin oktyabrdan 1,50 manat olacağı iddia edilir. SOCAR Tarif Şurasına bu barədə müraciət edilib-edilməməsi ilə bağlı sorğuya cavab verməyib.

İqtisadçı-ekspert Eldəniz Əmirov  Pravda.az-a açıqlamasında deyib ki, ölkədə Aİ-92 markalı benzinin bahalaşacağı barədə vaxtaşırı xəbərlər bu və ya digər formada paylaşılır: “Bir müddət öncə də Aİ-92-nin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət olunduğu, lakin Tarif Şurası tərəfindən imtina edildiyi bildirilmişdi. Hazırda bu məsələnin yenidən gündəmdə olması ümumi bahalaşma ilə bağlıdır. Əmtəələrin, bütün məhsulların, neftin qiymətinin artması istehsal olunan benzinin də maya dəyərinə, təbii ki, müəyyən qədər təsir göstərir. Bununla paralel olaraq qeyd etmək istəyirəm ki, hazırkı məqamda Tarif Şurası tərəfindən Aİ-92 markalı benzinin qiymətinin qaldırılması ilə bağlı qərar qəbul olunarsa, bu, çox yanlış addım olar. Çünki dövlət inflyasiyanın qarşısını almaq üçün ciddi şəkildə sistemli tədbirlər həyata keçirir. Subsidiyalar, güzəştli kreditlər verilir, yeni subsidiya növləri müəyyən edilir. Müəyyən rüsumlar qəbul olunur, vergi, gömrük güzəştələri tətbiq edilir. Bütün bunlardan sonra yenidən Aİ-92-nin bahalaşması indiyə qədər görülmüş tədbirlərin effektivliyini aşağı salmış olacaq”.

Ekspert bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin artması iqtisadiyyata o qədər də ciddi təsir göstərmir: “Bunu daha əvvəl də demişdik. Bu, bilavasitə daha yeni model və ili yeni olan avtomobil sahiblərinin xərclərini artıracaq. Təbii olaraq, insanlar üçün bu markanın da qiymətinin artması arzuolunan deyil. Amma iqtisadiyyata təsir baxımından Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artması daha qorxuludur. Çünki yanacağın bu növlərinin qiymətinin qalxması birbaşa inflyasiyanı sürətləndirəcək, qiymət artımlarına gətirib çıxaracaq. Loqistik fəaliyyətin həyata keçirilməsində, məhsulların istehsal olunmasında yanacağın çəkisi çox böyükdür”.

 

E.Əmirovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında dizel yanacağının çəkisi daha yuxarı səviyyədədir: “Ona görə Aİ-92 və dizelin bahalaşması nəinki arzuolunan deyil, bu, hətta yüksələn inflyasiya səviyyəsini daha da yüksəldəcək, əhalinin alıcılıq qabiliyyətini aşağı salacaq. İnflyasiyanın əsas hissəsi olan ərzaq inflyasiyası 21%-in üzərindədir. Bunun da qarşılığında yenidən qiymətlərin qalxması məsələni daha da tətikləyəcək. Ona görə də Tarif Şurasına müraciətlər olunsa belə, qurum  tərəfindən bu yanacaq növlərinin qiymətinin qalxmasına qərar verilməməlidir. Əks halda, iqtisadiyyat indiyə qədər görülmüş dəstək tədbirlərinin effektini itirəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol