Ukrayna ordusunun Kurska hücumunu nəinki Rusiya, heç Qərb ölkələri də gözləmirdi. Cəmi bir neçə gün ərzində xeyli ərazi və yaşayış məntəqəsi ələ keçirən Ukrayna ordusu, ötən sutka ərzində 2 min nəfərədək rus hərbçisini əsir götürüb. Bir sıra mənbələr əsirlərin daha çox olduğunu iddia edir. Hətta iddialar arasında Rusiya hərbçilərinin könüllü təslim olması ilə bağlı məlumatlar da var.
Bir çox Qərb analitikləri düşünür ki, rus əsgərləri Putin üçün döyüşməkdən təngə gəlib. Ukrayna ərazisində döyüşən rus hərbi birləşmələrində kiçikmiqyaslı hərbi üsyanlar da istisna edilmir. Onsuz da siyasi, iqtisadi və hərbi cəhətdən ciddi şəkildə sıxışdırılan Moskva üçün bu növbəti problem deməkdir. Bəs görəsən, rus ordusu həqiqətən Ukraynada təslim ola bilərmi?
Mövzu ilə bağlı BUTA.TV-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırda ukraynalılar Kurskda ciddi şəkildə irəliləməkdədir:
“İnsafən, mən bu məlumatlara o qədər də inanmıram. Çünki belə bir deyim var ki, insanlar 3 şəraitdə yalan deməyi çox sevirlər: müharibə vaxtı, ovdan sonra və seçki ərəfəsində. Ukrayna tərəfi hər gün rusların böyük sayıda itkilər verdiyini, Rusiya isə Kiyevin cəbhəyə əsgər göndərməkdə aciz olduğunu deyir. Lakin üzdə olan həqiqət ondan ibarətdir ki, Ukrayna Rusiyanın Kursk vilayətində işğal etdiyi ərazilərin sahəsini genişləndirməkdədir. Putin deyir ki, bu danışıqlar ərəfəsində Ukraynanın əlini gücləndirmək cəhdidir”.
Politoloq hazırki müharibənin Rusiya və Putinə olduqca baha başa gəldiyini diqqətə çatdırıb. Onun fikrincə, müharibənin davam etdiyi hər gün, Rusiyanın çöküşü deməkdir:
“Hər halda onu deyə bilərik ki, istənilən müharibədə iştirak edən insanlarda ruh yüksəkliyi ilk vaxtlar olur. Sonradan isə böyük məyusluq və ruh düşkünlüyü yaşanır. Çünki heç kəs ölmək istəmir. Digər tərəfdən, Birinci Dünya müharibəsində maraqlı hadisələr yaşanırdı. Müharibədən cana doymuş əsgərlər səngərlərdən çıxıb qardaşlaşırdı. Anlayırdılar ki, müharibələr sadə insanların deyil, hakim siniflərin mənafeyinə xidmət edir. İndi də eyni düşüncələr qalmaqdadır. Rusiya-Ukrayna cəbhəsində artıq 900 günə yaxındır ki, müharibə davam edir. Mən hələlik hansısa ciddi dönüş əlamətləri müşahidə etmirəm. Hər şey Qərbin Ukraynaya verəcəyi silahların həcmindən asılıdır. Qərb məqsədli şəkildə Rusiyanın zəifləməsinə çalışır. Onsuz da Rusiyaya dəhşətli ziyan vurublar. Putin Rusiyaya elə bil zərbə endirdi ki, bundan sonra illərlə özünə gələ bilməyəcək. Bu müharibənin qalibi olmayacaq, ən ağır məğlubu isə Rusiyadır”.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!