Azərbaycanda parlament seçkilərinə sayılı günlər qalıb, cəmi 15 gündən sonra səsvermə başlayacaq, 125 yer uğrunda 1050-dən çox namizəd mübarizə aparır. “Mübarizə aparır” deyəndə ki...
Razi Nurullayevin ötən gün yaydığı idman çarxı əslində seçki yarışına çıxanların bir çoxunun təfəkkürünə aydınlıq gətirmək baxımından önəmli oldu: sayın sabiq deputat, partiya sədri və növbəti dəfə deputat olmağa ən şansı namizəd çarpayının üzərinə uzanıb, hansı idman hərəkətləri həyata keçirdiyini izləyiciləri ilə bölüşüb.
Qeyri-adi heç nə yoxdur: hər bir insan sağlam həyat tərzini nümayiş və təbliğ edə bilər və deputatların bu baxımdan nümunə olmasında da pis nəsə axtarmaq doğru deyil. Ancaq məkan və zaman məsələsi var.
Razi Nurullayev məkan olaraq yataq otağını və öz çarpayısını seçib. Bu xalqın ziyalısı sayılacaq, siyasi fikir daşıyıcısı olmalı, millətin vəkilliyini etmiş və yenə də etməyə iddialı şəxsin öz yataq otağından bu cür “reportaj” yayması ayıbdır. Millət vəkili xalqın dəyərlərini, xarakterini, düşüncə tərzini və əxlaq-ənənəsini qorumağa, daşımağa və təbliğ etməyə borcludur. Bilə-bilə ki, bu millət yataq otağına kameraları buraxan hətta şou-biznes nümayəndələrinə belə ciddi yanaşmır, millət vəkili olmağa çalışan şəxsə bu cəhdi necə edə bilir?
İllah da ki, ayağını qaldırmaq, illah da ki...
Hörmətli Razi bəy bir müddət öncə mətbəxindən də “reportaj” yaymışdı: bir neçə meyvənin şirəsini çıxardıb, yatmazdan öncə içdiyini göstərmişdi.
Gərək o vaxt Razi bəy anlayaydı ki, “siyasətçinin mətbəxi” deyilən anlayış evin mətbəxi və şirə çəkmək demək deyil: “siyasi mətbəx” tamamilə fərqli bir məfhumdur – 40 ildir siyasətlə məşğul olan şəxsin “mətbəx”i şirəçəkmək, “mətbəx” aləti “blender” deyil!
Ancaq Razi bəy daha irəli getdi və yataq otağına keçdi...
Keçək zamana: Avqustun 10-dan deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb, cəmi 21 gün olan bu fürsətdən hər bir namizəd maksimum istifadə etməyə çalışmalıdır – gecə-gündüz seçicilərlə görüşməli, komandası ilə planlar cızmalı, yazıb-pozmalı, seçki qərargahının üzvləri ilə gecə yarıyadək müzakirə aparmalı, rəqibinə qalib gəlməyin yollarını aramalı, tapmalı və tətbiq etməlidir.
Yəni seçki təbliğatının qaynar vaxtında bir deputatlığa namizədin yataq otağındakı çarpayısına uzanıb, ayağını qaldırıb-endirməsinin yaxından-uzaqdan seçki təbliğatına və seçiciyə sayğıya heç bir aidiyyəti olmasın gərək!
Hətta təbliğat vaxtı nəşriyyata gedib, kitab növbəsinə duran Fazil Mustafa belə qınağa tuş gəlmişdi – haqlı olaraq: Fazil Mustafa kitabsevəndir, oxuyandır, intellektualdır, ancaq seçki təbliğatı vaxtı onun nəşriyyata gedib, kitab alıb, poz verməsi qəti yerində deyil, onda qala, yataq otağından idman reportajı ola...
Bu hələ tanıdığımız, aktiv olan deputatlığa namizədlərdir, partiya sədrləridir. Digər namizədlərdə vəziyyət daha betərdir: Tiktok şəbəkəsindən təbıliğatları üçün istifadə edirlər və onlara elə gəlir ki, əyləncə məqsədilə, məzələnmək və vaxt keçirmək, dava, hay-küy, hoqqa izləmək, “mırt tutmaq” üçün Tiktoka girənlər və onun təbliğat çarxına da göz atanlar “potensial seçiciləri” ola bilər. Daha düşünmürlər o videoya hansı kontingent, hansı auditoriya və hansı “dairənin” adamları baxır...
Bu şəxslər bilirlərmi ki, seçki qərargahı olur, ora media nümayəndələri, PR mütəxəssisləri, peşəkar SMM-çilər cəlb edilir, komanda təbliğatı aparılır?
Yəni xarici ölkələrdə belə olur.
Deyəsən, bizdə ən fəal deputatlarımız seçkinin “şou” olduğunu düşünüb, şou-biznesdən mənimsədikləri formaları təbliğatlarında istifadəyə girişiblər.
Zaur, Elgiz, Lalənin tək cəmiyyətə yox, deputatlığa namizədlərə təsiri göz önündədir.
Allah bu xalqı hifz etsin – başqa əlimizdən nə gəlir ki!
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?