Azərbaycanda bankların mütləq əksəriyyəti kreditlər təklif edirlər, hətta yarışa giriblər desək, yanılmarıq. Problemlərini həll etməyə çalışan vətəndaşlar isə faizlər qarşısında çarəsiz qalaraq "hansı alınar-alınar" prinsipi ilə yuxarı-aşağı faiz fərq etmədən təkliflərdən birinə razılıq verirlər. Nəticədə bəzən öz ödəmə potensiallarından yuxarı məbləğ götürdükləri üçün bir neçə aydan sonra aylıq ödənişləri etməkdə çətinlik çəkirlər. Çalışdığı işi itirmək, xərclərin artması və ya gəlirlərin azalması buna səbəb olan amillərdir.
Maraqlıdır, banklar kredit faizlərini nəyə əsasən təyin edirlər? Faizlər təyin edilərkən minimum əməkhaqqı nəzərə alınırmı, yaxud da buna ekvivalent olaraq təyin edilirmi? Banklarla yanaşı, bank olmayan kredit təşkilatları (BOKT) da vətəndaşlara yüksək faizlərlə kredit verirlər. BOKT-lar niyə qaydaları çox sərt qoyurlar?
Məsələn, 800 manat kredit götürən vətəndaş məbləğin uzatma müddətinə hər ay 150 manat ödəsə də, əsas borc silinmir. Düşünə bilərsiniz ki, faiz silinəndən sonra əsas borca keçir. Xeyr, bəzi BOKT-lar bu məsələdə insaflı deyillər. 150 manatdan əlavə, əsas borc üçün ödəniş edilmədiyi təqdirdə, borc yerində qalır. Siz hər ay 150 manat ödəməklə bir ömür ərzində 100 min manat ödəsəniz belə, 800 manat borc sizi "gözləyir"...
Doğrudur, vətəndaş əvvəldən qaydaları oxuyur, özü bu yükün altına girir. Ancaq sözügedən qaydaların sərtliyi müzakirə mövzusudur.
Oxu.Az mövzu ilə bağlı suallarını ekspertlərə ünvanlayıb.
İqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, xüsusən bank olmayan kredit təşkilatlarında faizlər kifayət qədər yüksəkdir:
"Bu məsələdə ödənişin əsas məbləği və faiz üzrə bölgüsü çox önəmlidir. Çünki bir sıra hallarda vətəndaş ödəniş edir və bu ödənişin əhəmiyyətli hissəsi, xüsusən də ilk aylarda əsas məbləğdən deyil, faizdən azaldılır. Bu addım nəticədə ona gətirib çıxarır ki, vətəndaş, məsələn, bir il ərzində ödəniş edir və onun ödədiyi vəsaitin əhəmiyyətli hissəsi faizlərin qaytarılmasına gedir, nəinki əsas məbləğə. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, əvvəla, bank olmayan kredit təşkilatlarında və bütövlükdə istehlak kreditləri üzrə faizlərin optimallaşdırılması ilə bağlı fəaliyyətlər genişləndirilsin, dərinləşdirilsin. Çünki bu gün 3 milyon vətəndaşımızın yeddi milyard manata yaxın istehlak krediti var.
Sözsüz, bu kreditlərin faiz dərəcələri yüksək olduqca vətəndaşların ödəmə imkanları məhdudlaşır. Faizlərin optimallaşdırılması çox vacibdir. Digər tərəfdən isə kreditlər ödənilən zaman, xüsusən də faiz və əsas məbləğlə bağlı münasibətin nəzərə alınması önəmli nüansdır. Təklifimiz o olardı ki, banklar və ya bank olmayan kredit təşkilatları ilkin olaraq faizin alınmasına yönəlməsinlər. Proporsional olaraq əsas məbləğdən ödənişlərin həyata keçirilməsini reallaşdırsalar, effektiv olar. Təbii ki, faiz almaqla banklar daha çox risklərini sığortalamağa çalışırlar. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, vətəndaşlarımız üçün də ödəmə imkanları və ödənişlərin proporsional bölgüsü çox vacibdir".
İqtisadçı Xalid Kərimli isə bankların faizlərinin necə formalaşmasından söz açıb:
"Banklar pulu əsas etibarı ilə depozitlərdən cəlb edirlər. Birinci xərc maddəsi depozit faizidir. Bundan əlavə, onların digər xərcləri var - işçilik, inzibati, nəzarət və sair. Həmçinin bankın verdiyi krediti geri ala bilməmək kimi riski mövcuddur. Yəni müştəri müxtəlif səbəblərdən pulu geri qaytarmaya bilər. Üstəgəl risk faizi də nəzərə alınır. Dördüncüsü isə bankın mənfəət normasıdır. Bunu da banklar özləri üçün təyin edirlər.
Banklar təminatından, müştərinin etibarlılığından, gəlirlərinin stabilliyindən və təminat səviyyəsindən asılı olaraq faizləri fərqli təyin edirlər, bu, normaldır. Daha yüksək faizlər əsasən, təminatsız istehlak kreditlərində olur. Banklar krediti geri qaytara bilən şəxslərə verirlər, ödəniş etmək imkanı olmayan şəxslərə kredit vermək kimi bir öhdəlikləri yoxdur. Kredit o şəxsə verilir ki, müqavilədə göstərilən qrafik üzrə sözügedən ödənişi edə bilsinlər".
Ekspertin sözlərinə görə, banklar, ümumiyyətlə, minimum əməkhaqqı alan şəxslərə kredit verməkdən yayınırlar:
"Kredit verilərkən minimum əməkhaqqı nəzərə alınmır, yaxud da buna ekvivalent olaraq faiz təyin edilmir. Bu məsələdə vətəndaşın gəliri əsas götürülür. Mərkəzi Bankın requlyativ tələbi var ki, vətəndaşa istehlak krediti verərkən nəzərə alınmalıdır ki, onun aylıq ödəməsi gəlirinin 40 faizindən çox olmamalıdır. Yəni vətəndaş 1000 manat alırsa, 400 manatdan çox aylıq kredit ödəyə bilməz".
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video