Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Məmmədov Tofiq Yaqublunun suallarını cavablandırıb.
Tofiq Yaqublu Elnur Məmmədova suallar versə də, o, cavablandırmaqdan imtina edib.
Daha sonra zərərçəkmiş qismində tanınmış Elşən Hüseynov ifadə verib. O bildirib ki, sinir sindromu və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Onun sözlərinə görə, nə Tofiq Yaqublu, nədəki Elnur Məmmədovla ədavəti və düşmənçiliyi var, onların heç birini əvvəllər tanımayıb: “Mən Elnur Məmmədovla sosial şəbəkədə dostluq etmişəm. Onunla sosial şəbəkədə yazışma zamanı xəstəliyim barədə danışdım. Bildirdim ki, xəstəliyimlə bağlı üç ölkədə - Almaniya, İsrail və ya Belarusda müalicə almaq istəyirəm. Mənim xəstəliyim bir günlə, iki günlə, bir ayla müalicəsi bitən xəstəlik olmadığı üçün müalicə aldığım ölkədə uzun müddət qalmalı idim. Buna görə də Elnur mənə Almaniya getmək üçün viza təşkil etməyi, orada oturum almağı təklif etdi. Bu da mənim müalicə almağım üçün uyğun gəldiyindən razılaşdım. Elnur həmin vaxt bu işləri görmək üçün Tofiq Yaqublunun adını çəkdi. Mən əvvəlcə ona inanmadım. Amma sonradan hər ikisinin tanınmış şəxs olduğu üçün razı oldum”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnur Məmmədovla Nərimanov Rayon Məhkəməsinin yaxınlığında görüşüb:
“Həmin vaxt Elnur oradakı Tofiq Yaqubluya yaxınlaşdı. Onunla nəsə söhbət etdilər. Həmin vaxt Elnurun əlində qara qovluq var idi. Tofiq Yaqublu qovluğu alıb baxdı və özünə qaytardı. Sonra onlar ayrıldılar. Mən düşündüm ki, görüşmək üçün məni də çağıracaqlar. Amma çağırmadılar. Bunu səbəbini Elnurdan soruşdum. Dedi ki, sənin görüşməyin məsləhət olmadı”.
Elşən Hüseynov qeyd edib ki, onun evində 25 min avro olub, həmin pulu viza və Almaniyada oturum almaq məqsədilə Tofiq Yaqubluya çatdırılması üçün Elnur Məmmədova verib. Onun sözlərinə görə, sonradan əlavə 10 min manat da istəyiblər, o da həmin məbləğdə pulu bir tanışından alaraq onlara verib: “Mənə dəymiş ziyan ödənilməyib. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. O pul mənim həyatımı, taleyimi həll edir”.
Daha sonra Elşən Hüseynov dövlət ittihamçısının suallarını cavablandırıb. Zərərçəkmiş qeyd edib ki, Elnur Məmmədovla bu məsələləri müzakirə edən zaman o, Tofiq Yaqublu ilə yanaşı Qənimət Zahidin də adını çəkib: “Mənə dedi ki, bu işləri görmək üçün tanışları var. Məni onların vasitəsi ilə Almaniyaya yollaya biləcəyini dedi. Ondan tanışlarının kim olduğunu soruşdum. O da Tofiq Yaqublu, Qənimət Zahidin adını mənə dedi”.
Bundan sonra Elşən Hüseynov Tofiq Yaqublu və onun vəkillərinin suallarını cavablandırıb.
Növbəti proses avqustun 16-da davam edəcək.
İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video